Manat UCUZLAŞACAQ?  

14:09 25.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda milli valyuta olan manatın məzənnəsi növbəti illərdə ciddi dəyişikliklər göstərməyəcək. Hafta.az xəbər verir ki, bu barədə “The Economist Group”un araşdırma və təhlil bölməsi olan “Economist Intelligence Unit”un (EIU) 2024–2029-cu illər üçün manatın məzənnəsi ilə bağlı proqnozunda açıqlanıb. Proqnoza əsasən, ABŞ dolları qarşısında manatın kursu sabit qalacaq, avro isə manat qarşısında nisbətən ucuzlaşacaq.

EIU-nun təhlillərinə görə, dollar/AZN məzənnəsi 2025–2029-cu illər ərzində 1,70 səviyyəsində stabilliyini qoruyacaq. Bu, Mərkəzi Bankın manatın sabitliyini təmin etmək siyasəti ilə uzlaşır və ölkədə maliyyə sabitliyi üçün mühüm göstərici hesab olunur. Analitiklər bildirirlər ki, manatın dollara nisbətdə sabit qalması həm inflyasiya risklərinin idarə edilməsinə, həm də ölkəyə sərmayələrin cəlb olunmasına müsbət təsir göstərəcək.

Avro qarşısında isə manatın dəyərində nisbətən eniş müşahidə olunacaq. Proqnozlara görə, 2025-ci ildə avro/AZN məzənnəsi 1,77 manat səviyyəsində olacaq. 2026-cı ildə bu göstərici 1,75 manata enəcək, 2027-ci ildə isə 1,73 manata qədər aşağı düşəcək. 2028–2029-cu illərdə Avro/AZN məzənnəsi eyni səviyyədə qalacaq və beləliklə, avronun manat qarşısında tədrici ucuzlaşması müşahidə olunacaq.

Analitiklər vurğulayırlar ki, manatın sabitliyinin qorunması yalnız Mərkəzi Bankın siyasətindən asılı deyil. Azərbaycanın makroiqtisadi göstəriciləri, xarici ticarət balansı, valyuta ehtiyatlarının səviyyəsi və maliyyə bazarlarının möhkəmliyi də valyutanın sabitliyində mühüm rol oynayır. EIU hesab edir ki, ölkənin dollar ehtiyatlarının kifayət qədər olması, habelə xarici valyuta gəlirlərinin stabil olması manatın gələcəkdə də sabit qalmasına şərait yaradacaq.

Mütəxəssislər qeyd edirlər ki, manatın dollara qarşı sabit qalması ölkədə investorların etimadını gücləndirir və uzunmüddətli iqtisadi planlaşdırmanı asanlaşdırır. Eyni zamanda, avronun nisbətən ucuzlaşması ölkənin Avropa ilə ticarətində qiymət rəqabətliliyini artırmaq üçün əlverişli şərait yarada bilər.

Makroiqtisadi perspektivlərə nəzər salsaq, manatın sabit qalması inflyasiya göstəricilərinə də müsbət təsir göstərəcək. Əgər valyutanın məzənnəsi kəskin dəyişməsə, idxal olunan məhsulların qiymətində ciddi artım müşahidə olunmayacaq və nəticədə istehlak bazarında sabitlik qorunacaq. Bu, həm də əhalinin alıcılıq qabiliyyətinin qorunmasına xidmət edəcək.

Ümumilikdə, EIU-nun proqnozu Mərkəzi Bankın siyasətini dəstəkləyir. Analitiklərin qənaətinə görə, manatın kursunda ciddi dalğalanmalar gözlənilmir və 2030-cu ilə qədər milli valyutanın sabitliyi qorunacaq.

Mövzu ilə bağlı iqtisadiyyat üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev deyib ki, mövcud iqtisadi şəraitin tələbindən dolayı son illər Azərbaycanda sabit məzənnə siyasəti yürüdülür: “Əslində Azərbaycan manatının təsbit olunmuş məzənnəsi sırf dollara qarşı məzənnəni müəyyənləşdirib. Digər valyutalara qarşı isə “üzən məzənnə”nin tətbiqini hiss edirik”.

R.Atakişiyevin fikrincə, Azərbaycan iqtisadiyyatına inamı formalaşdırmaq, daxili və xarici investisiyaları cəlb etmək üçün sabit məzənnə daha etibarlıdır: “Ölkə daxilində də psixoloji olaraq sabit məzənnə sərfəlidir. Qonşu ölkələrdə isə “üzən məzənnə” tətbiq edilir. Bizdə əhali də tam “üzən məzənnə”yə hazır deyil. “Üzən məzənnə”nin gətirdiyi dalğalanmalara kəskin reaksiya verilir. Bu zaman inflyasiya dərinləşir. Sabit məzənnə isə əhalinin yığımına da təsir edir və inamı artırır”.

İqtisadçı onu da bildirir ki, uzunmüddətli praktikada sabit məzənnə heç də yaxşı nəticələr vermir: “Dövlət bu məzənnəni saxlamaq üçün daim tədbirlər görməli olur. Bu tədbirlər Mərkəzi Bank tərəfindən makroiqtisadi siyasət çərçivəsində aparılır”.

Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli qeyd edib ki, manatın məzənnəsi bazarda formalaşmır: “Manatın 1.70 kursunda qalacağına proqnozlar verilə bilər. Amma bunun kursunu bazar yox, Mərkəzi Bank müəyyənləşdirir. Manat dollara yapışdırılıb, dollar necə dəyişirsə, manat da onunla paralel hərəkət edir. Ona görə də burada təkcə iqtisadi amillər deyil, siyasi-inzibati faktorlar da rol oynayır”.

Ekspert əlavə edir ki, neft qiymətləri ilə manatın sabitliyi arasında dolayı bağlılıq mövcuddur: “Ümumiyyətlə, manatın məzənnəsi neftin qiymətindən birbaşa asılı deyil, çünki Dövlət Neft Fondu bu istiqamətdə mühüm dayaq rolunu oynayır. Neftin qiymətinin kəskin enməsi yox, uzun müddət ucuz qalması halında manata qarşı risklər yaranar. Azərbaycan kimi ölkələrdə uzunmüddətli məzənnə proqnozları isə o qədər də əsaslı sayılmır”.

Sevinc